Press ESC to close

“Yerli media” platformasının Azərbaycanda Rusiyameyilli və Qərb əleyhinə təbliğatı

  • 16 Noyabr 2023

Rusiya post-Sovet ölkələrində öz təsirini artırmaq üçün təbliğat kampaniyası aparır və ictimai şüura təsir etmək istəyir. Kampaniya çərçivəsində Rusiya ilə gizli və ya açıq formada əlaqəli olan xəbər agentlikləri (“Sputnik Azərbaycan”, “Interfax Azərbaycan”), sosial media hesabları və digər platformalar Rusiyaya simpatiya yaratmaq üçün analizlər, infoqrafiklər, memlər hazırlayır, Qərb ölkələri əleyhinə təbliğat aparırlar.

Bu araşdırmamızda Rusiya təbliğatı apardığını düşündüyümüz “Yerli media” adlı plartformaya fokusalanacağıq. Sözügedən platforma “yerlimedia.org” saytında fəaliyyət göstərir, həmçinin feysbuk, instaqram sosial şəbəkələrində və teleqram ani mesajlaşma proqramında hesabları mövcuddur. Sözügedən platformalar Azərbaycan dilində fəaliyyət göstərir (teleqram istisna olmaqla). 

“Yerlimedia.org” saytında gündəlik analitik məqalələr və xəbərlər dərc edilir. Məqalə və xəbərlərdə Rusiyanın və onun rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqı kimi qurumlar təbliğat edilir, Rusiya və Azərbaycan əlaqələrinin “inkişafından” bəhs edilir və Qərb əleyhinə fikirlər formalaşdırılır.

“Azadlıq radiosu”nun Azərbaycan xidmətində dərc edilən bir karikaturanı sərt tənqid edən məqalədə “Qərb təbliğatçılarının ucuz xayp tutmasından” bəhs edilir. “Əgər fərz etsək ki, Qərb təbliğatçıları ucuz xayp tutmaq istəyirdilər, o zaman onlar öz məqsədlərinə nail oldular, çünki bu perfomans tənqid və anlaşılmazlıqdan başqa bir şey yaratmadı”. Nəşr Qərbi Azərbaycana hörmət etməməkdə və Cənubi Qafqazda davamlı sülhün olmasında maraqlı olmamaqda ittiham edir.

Məqalələrin birində “Yerli Media” redaksiyasının sorğu keçirdiyi və sorğunun nəticələrinə görə, “70% respondentin Azərbaycanın Avrasiya İqtisadi İttifaqı ilə yaxınlaşmasının tərəfdarı” olduğu qeyd olunub. Məqalədə iddia edilir ki, “ölkənin Aİİ-yə daxil olması regionda vəziyyəti sabitləşdirəcək və azərbaycanlıların həyatını yaxşılaşdıracaq”. “Xalqın fikri” başlıqlı məqalədə bəhs edilən sorğunun necə və hansı platformada aparıldığı məlum deyil.

Digər bir məqalədə Rusiyanın Qarabağda gördüyü işlər təriflənir, ABŞ-ın Qarabağdakı ermənilərə yardım etməsi tənqid edilir. Məqalədə hətta Vaşinqtonun Qarabağdan olan azərbaycanlılara maddi yardım göstərməməsi kimi saxta məlumatlar da yer alıb. Belə ki, Vaşiqntonun Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərə maddi yardım ayırması barədə bir çox fakt var. 

Saytın özündə platformanın kim tərəfindən idarə edildiyi, məqalələrin kim tərəfindən yazıldığı barədə məlumat verilməyib. Platformanın feysbuk hesabında ünvan kimi Ukraynanın Kiyev şəhərində yerləşən küçələrin biri qeyd olunub. Səhifənin 5 adminindən ikisinin ABŞ-da, üçünün isə Ukraynada olduğu bildirilir. 

Bu məqalə yazılan zaman feysbuk səhifəsində reklam kimi yerləşdirilən paylaşımlardan biri Bakıda keçirilən tibb sərgisi barəsindədir. Sərgi haqqında saytda dərc edilən məqalədə əsasən Rusiyanın tibb universitetindən bəhs edilir.

Reklam edilən digər məqalədə Avropa İttifaqının yaradılmasından və hazırda onun daxilində baş verən “parçalanmadan” danışılır. Məqalədə iddia edilir ki, “görünən monolitliyə baxmayaraq, Avropa İttifaqını daxili ziddiyyətlər parçalayır. İcmanın bir çox ölkələri Avropa bürokratiyasından asılılıqdan və milli maraqları tam reallaşdıra bilməməkdən narazıdırlar”.

“Yerli media”nın 4500-dən çox izləyicisi olan teleqram kanalında paylaşımlar rus dilində edilir. Kanalda əsasən operativ xəbərlər, məqalələr və multimedia paylaşılır.

Platforma instaqramda da təbliğat yazılarını izləyicilərə çatdırmaq üçün reklamdan istifadə edir. Məsələn 489 izləyicisi olan səhifəndə bu məqalə yazılan zaman sonuncu paylaşılan foto 2000 nəfərə yaxın izləyici tərəfindən bəyənilib. Paylaşım yuxarıda sözügedən tibb sərgisi barəsindədir.

Nəticə etibarilə, Rusiya təbliğatı apardığını düşündüyümüz “Yerli media” platforması həm vebsaytında, həm də sosial şəbəkələrdə fəaldır. Platforma reklam daxil olmaqla müxtəlif üsullarla təbliğat aparır. Təbliğat Rusiyaya və onun rəhbərlik etdiyi strukturlara simpatiya yaratmaq, həm də Qərb əleyhinə fikirlər formalaşdırmağa fokuslanıb. Bunun üçün bəzən saxta iddialardan istifadə edilir. 

Mənbələr:

Yerli media” platformasının vebsaytı, feysbuk, instaqram teleqram hesabları

“Turan” informasiya agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir