Rusiya dövləti tərəfindən maliyyələşdirilən və idarə olunan “Sputnik” agentliyi 2014-cü ildə yaradılıb. “Sputnik hər bir ölkənin özünün milli maraqları, mədəniyyəti, tarixi, ənənələri olan çoxqütblü dünyanı əks etdirir”, – agentliyin saytında belə yazılıb.
Xəbər agentliyi bir çox akademik və jurnalistlər tərəfindən Rusiyanın dezinformasiya və təbliğat alətlərindən biri hesab edilir.
Amerika Birləşmiş Ştatları hökümətinin rəsmi saytında yayılan araşdırmada “Sputnik”in qeyri-obyektiv olduğuna və Rusiyanın mənafeyinə uyğun yazılar paylaşdığı vurğulanır. “Rusiya dövləti tərəfindən maliyyələşdirilən və dövlət tərəfindən idarə olunan media orqanları RT və Sputnik Rusiyanın dezinformasiya və təbliğat ekosisteminin kritik elementləridir” – araşdırmada qeyd olunur.
“Sputnik”in Azərbaycan ofisi 2015-ci ildən fəaliyyət göstərir. “Sputnik Azərbaycan” ölkə daxilində və xaricində baş verən siyasi, iqtisadi, mədəni, hərbi və digər hadisələrlə bağlı Azərbaycan və rus dillərində xəbərlər hazırlayır. Agentliyin teleqram və “TikTok” hesabları mövcuddur.
Agentlik zaman-zaman Azərbaycan hakimiyyətinə yaxın media orqanlarının qəzəbinə tuş gəlib.
Skrinşot: “REAL TV” “Sputnik”in Azərbaycanda fəaliyyətinin bloklanması barədə reportaj hazırlayıb
2022-ci ildə isə Azərbaycan Milli Məclisində deputatlardan biri “Sputnik Azərbaycan”ın bloklanmasına çağırış edib. Həmin vaxt Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da bu fikirləri müdafiə edib. “Sputnik informasiya agentliyi bir qayda olaraq Azərbaycanla bağlı məlumatlarda obyektivlik, ədalət və balans prinsiplərini pozur. Bu səbəbdən bu agentliyin Azərbaycanda fəaliyyəti ilə bağlı düşünməliyik”, – o deyib.
Bundan başqa agentliyin rusdilli versiyasının dörd redaktoru Rusiya Müdafiə Nazirliyinin Qarabağda döyüş əməliyyatları zamanı Azərbaycan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozması haqqında məlumatını dərc etməkdən imtina edərək istefa verib.
“Sputnik Azərbaycan” Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasından sonra Qərb və Ukraynaya qarşı təbliğat fəaliyyətini gücləndirib. Bu, “Sputnik”in qlobal ofisinin fəaliyyətinə uyğundur. ABŞ hökumətinin hesabatında bildirilir ki, “Sputnik” RT ilə birlikdə Avropada, ABŞ-da və Latın Amerikasında Ukrayna haqqında ictimai rəyi dəyişməyə cəhd edir.
“Sputnik Azərbaycan”ın da fəaliyyətini araşdırdıqda bu tendensiya müşahidə edilir. Agentlikdə dərc edilən məqalələrdə Ukraynanı zəif göstərilir, Qərbin mövqeyi düşmənçilik kimi təqdim edilir, NATO-nun atdığı addımların onun bir təşkiat kimi vaxtını qısaltdığı iddia edilir, ABŞ, eləcə də Qərbin Rusiyanı məhv etmək siyasəti apardığı, ancaq bunun uğursuzluqla nəticələnəyi bildirilir.
Agentlik Ukraynada müharibənin başlamasına görə ABŞ başda olmaqla Qərbi ittiham edir. Məqalələrin birində iddia edilir ki, Ukrayna böhranı ABŞ tərəfindən süni yaradılıb. “2014-cü ildə Kiyevdə ABŞ-ın təşkil etdiyi 5 milyard dollar dəyərində dövlət silahlı çevrilişi ilə hər şey dəyişdi. Vaşinqton öz maraqları və müttəfiqlərə ziyan vurmaq naminə Avropanın mərkəzində fəlakət və uzun müddətli hərbi gərginlik zonası, Donbasda on minlərlə ukraynalının ölümü və gələcəkdə NATO və Rusiya arasında irimiqyaslı silahlı münaqişəsi üçün ilkin şərtlər yaradıb”, – məqalədə vurğulanır.
Müharibənin əvvəlində dərc edilən məqalələrdə Ukraynanın müqavimətinin “ümidsiz” olduğu bildirilirdi. “İtkilərin statistikası Qərbin Kiyev rejiminə göstərilən yardımının effektivliyinin aşağı olduğunu və Ukrayna Silahlı Qüvvələrinə gələcək müqavimətin ümidsizliyini göstərir”, – məqalədə belə deyilir.
Digər bir məqalədə isə NATO-nun “tələsik Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətini” bərpa etməyə və Rusiyanın “xüsusi əməliyyatını” (Rusiya Ukraynadakı müharibəsini belə adlandırır – red.) ləngitməyə çalışdığı, ancaq bunu etməyin “çox çətin” olduğu deyilir.
Qərb əleyhinə yazılan məqalələr də çoxluq təşkil edir. Məsələn, belə yazıların birində qeyd olunur: “Ortamüddətli perspektivdə Ukraynanın daha da “əfqanlaşdırılması” (Qərb silahları ilə vurulması) və Polşanın “Pakistanlaşması” (Ukrayna Silahlı Qüvvələri və muzdlular üçün təlim mərkəzləri şəbəkəsinin inkişafı, Ukrayna ilə sərhəd ölgələrdə arsenalların yerləşdirilməsi) ehtimal olunur”.
Agentlik Qərbə qarşı bəzən saxta məlumat da yaymaqdan çəkinmir.“Sputnik Azərbaycan” Rusiya hakimiyyətinin Ukrayna ilə bağlı narrativlərini infoqrafika ilə də oxuculara çatdırır.
İnfoqrafika: “Sputnik Azərbaycan”ın Ukrayna ilə bağlı hazırladığı xəritə
Nəticə etibarilə, “Sputnik Azərbaycan” Ukrayna müharibəsinin başlamasından bu yana Rusiyanın narrarivləri, ABŞ-ın Ukraynadakı müharibəni qızışdırması barədə təbliğat aparıb. Üstəlik agentliyin maliyyə fəaliyyəti şəffaf deyil və müstəqil fəaliyyət göstərmir.
Agentlik Azərbaycan ictimaiyyətində Qərb dövlətlərinin nüfuzunu salmağa və onunla bağlı etimadsızlıq mühiti yaratmağa cəhd edib. Bunun üçün saxta xəbərlərdən və digər dezinformasiya alətlərindən istifadə edib. Agentliyin Qarabağla bağlı fəaliyyəti bəzən Azərbaycan ictimaiyyətinin qəzəbinə səbəb olub.
Son olaraq, qeyd etmək lazımdır ki, “Sputnik Azərbaycan” Kremlin Ukrayna, Qərb və digər məsələlərlə bağlı narrativlərini və dezinformasiyalarını Azərbaycan ictimaiyyətinə çatdıran platforma kimi fəaliyyət göstərib.
Mənbələr:
- “Sputnik Azərbaycan”ın vebsaytı, teleqram və “TikTok” hesabları
- Measuring the scope of pro-Kremlin disinformation on Twitter
- Report: RT and Sputnik’s Role in Russia’s Disinformation and Propaganda Ecosystem
- “Sputnik Azərbaycan”ın üç yaşı tamam olub
- “Sputnik”dən ötürülən separatizm – Azərbaycanda “Sputnik”in fəaliyyəti bloklanmalıdır
- Millət Vəkili: “Sputnik” agentliyinin Azərbaycanda fəaliyyəti dayandırılmalıdır
- “Sputnik Azərbaycan”ın dörd redaktoru istefa verib
Bir cavab yazın