Press ESC to close

“Chai Khana” media platformasında Qarabağ müharibəsinin narrativ analizi

  • 29 Noyabr 2023
Müəlliflər (Əlifba sırası ilə): Elşən Qasımov; Əlibaxış Rəşidzadə; Pəri Abbaslı

Cənubi Qafqaz regionunda sülhyönümlü kommunikasiya və fəaliyyəti təbliğ etmək, tərəflər arasında gələcəkyönümlü tərəfdaşlıqlar qurmağa çalışmaq hazırda regiona fokuslanan bir çox təşkilatın gündəliyində yer alan məqamlardandır. Eyni zamanda Cənubi Qafqaza fokuslanan bir neçə müstəqil beynəlxalq mediaların da əsas fokuslarından biri ölkələr arasında anti-konflikt narrativlərini normallaşdırmaqdır.

Cənubi Qafqazda sülh quruculuğu narrativlərinin artması mövzusunda fəaliyyət göstərən media qurumlarından biri “Chai Khana”dır. Platforma 2015-ci ildə media startapı kimi fəaliyyətə başlayıb. Hazırda Avropa, ABŞ və digər ölkələrin təşkilatları tərəfindən maliyyələşən “Chai Khana” müharibə, konflikt və sülh mövzularını müxtəlif perspektivlərdən oxuculara və izləyicilərə təqdim edir.

5 dildə (ingilis, rus, gürcü, erməni və azərbaycanca) fəaliyyət göstərən platformanın müəllifləri Cənubi Qafqaz regionunda fəaliyyət göstərən jurnalist, fotoqraf, yazıçı, rejissor, illustratorlardan ibarətdir. 

2018-ci ildə “Free Media Awards”a layiq görülən “Chai Khana” media fəaliyyətini belə təqdim edir: “Chai Khana gənc jurnalistlərə mentorluq etməklə yanaşı, dinamik insanyönümlü hekayələr vasitəsilə regionda az təmsil olunanlara səs vermək məqsədi daşıyır”.

Məhz buna görə də bu araşdırma “Chai Khana” platformasını əhatə edib. Yazı İkinci Qarabağ müharibəsi başladığı gündən (27 sentyabr, 2020) 2023-cü ilin noyabr ayına qədər “Chai Khana”da Azərbaycan dilində paylaşılmış müharibə, konflikt və sülh mövzulu multimedia materiallarını narrativ analiz əsasında təhlil edib. Araşdırma müharibə mövzularına toxunan sənədli film, yazı, foto-esse (multimedia) janrında 10 işi əhatə edir:

  1. Cəbhədə bir həftə – Oktyabr, 2020
  2. Cəbhədən foto-gündəlik – Oktyabr, 2020
  3. Uzaqdakı müharibə – Noyabr, 2020
  4. Müharibədən sonrakı evsizlik – Noyabr, 2020
  5. Müharibə bir həkimin gözü ilə – Dekabr, 2020
  6. Qızılbalıq üçün bir neçə arzu və digər ədviyyatlar – Dekabr, 2020
  7. Boz tərəf – Fevral, 2021
  8. İki müharibədən sonra “yerlilər və gəlmələr” – Mart, 2021
  9. Azərbaycan-Ermənistan dəmiryolu: ümid və şübhələr – Noyabr, 2022
  10. Xəyallarda bir anlıq görüş – Mart, 2023

Paylaşılan jurnalistik materiallar içərisində esse formatlı, emosiya və şəxsi hekayələrə əsaslanan, xüsusilə, müəlliflərin subyektiv fikirlərini əhatə edən yazıların sonunda redaksiyadan xüsusi qeyd yazılır: “Chai Khana münaqişənin hər iki tərəfindəki icmaların fikir və hisslərinə hörmətlə yanaşır. Esse müəlliflərinin fikirləri ilə razılaşmayan oxucular ola biləcəyini başa düşürük. Biz ümid edirik ki, jurnalistlərə bu çətin anlarda yaşadıqları barədə dürüst yazmaq üçün bir platforma verərək tərəflər arasında dialoq qurmağa kömək edəcəyik”.

Narrativ analiz

Narrativ analiz çərçivəsində 10 yazının qəhrəmanları, ssenarisi, yaxud ümumi quruluşu, toxunduğu əsas mövzular və cəmiyyət daxilində hansı narrativləri təbliğ etdiyi ilə bağlı analiz aparılıb.

Analiz “mühacir yanaşması”, “kimlik böhranı”, “məcburi köçkün və sərhədyanı ərazi sakinləri”, “kollektiv travmalar” yarımbaşlıqları şəklində təqdim olunub.

Mühacir yanaşması

Xaricdə yaşayan azərbaycanlıların müharibə ilə əlaqəli düşüncələri müxtəlifdir. Yazı qəhrəmanlarından biri onlayn fəaliyyətini davam etdirir və bu mövzuda diskurslar yaradır, digəri isə əyani şəkildə müharibənin fəsadlarını aradan qaldırmağa çalışır.

Belə ki “Uzaqdakı müharibə” yazısında mühacirətdə yaşayan esse müəllifi (həm də yazının əsas obrazı) sülh quruculuğuna qarşı yaranan təhdidlər və müharibə ərəfəsində onlayn paylaşımlara edilən təzyiqlərdən narahatdır: 

“Ailəm üçün narahatlıq keçirirdim, (anamla kommunikasiya qura bilmək yalnız dörd gündən sonra mümkün oldu), bundan başqa, gərgin informasiya müharibəsinin dost-tanışım üzərindəki birbaşa təsiri getdikcə məni təşvişə salırdı. Deyəsən, hər iki ölkədəki mütərəqqi icmalar nifrət nitqi və dezinformasiyaya təslim olduqca millətçilik alovları güllə kimi tez yayılırdı”.

Müharibə bir həkimin gözü ilə” foto-essesi isə 20 ildir Türkiyədə yaşayan həkimin işindən ayrılıb döyüş bölgəsinə gəlməyindən danışır. O, məcburi köçkünlərdən biri kimi, illər sonra növbəti Qarabağ müharibəsində könüllü həkimdir, lakin müharibə haqqında düşüncələri ənənəvi deyil. O, həmyaşıdlarından fərqli olaraq, müharibəni həll yolu olaraq görmür, hətta müharibənin dağıdıcı təsirindən xəbərdardır və hər iki millətin bənzər dəyərləri olduğuna inanır:

“Bizim müharibəyə ehtiyacımız yox idi. Həm Ermənistanda, həm Azərbaycanda iç-içə yaşayırdıq, onların bizə, bizim onlara işimiz düşürdü. Ancaq müharibə olmasaydı, hər iki ölkə çox daha zəngin, daha mükəmməl vəziyyətdəydi, birgə nə qədər gözəl işlər görə bilərdik”.

Kimlik problemi

Kimlik problemi, adətən, yaşadığı stresli hadisələr nəticəsində dəyərlərinin toqquşduğu şəxslərdə müşahidə olunur. Müharibə səbəbilə həyatında ciddi dəyişikliklər baş vermiş (işindən ayrılmış, yaşadığı ərazini dəyişmiş) qəhrəmanların verdiyi reaksiyalarda da bir ortaq nüans nəzərə çarpır – onlar yaşadıqları hadisələrə necə və kim olaraq yanaşmalı olduqları barədə qərarsız qalırlar.

Müəllif Gülər Mehdizadə “Cəbhədə bir həftə” essesində keçmiş hisslərlə yeni hadisələrə necə reaksiya verəcəyini və hansı kimliyi ilə yanaşacağını bilmir. Həmçinin essenin baş qəhrəmanı olan müəllif yaranan yeni hisslərini cəmiyyət təzyiqi səbəbilə səsləndirə bilmir. Bu isə onun daxilindəki mənəvi çaxnaşmanı artırır, kimliyi ilə bağlı verəcəyi qərarlarda yeni şübhələr yaradır.

“Çəkiliş qrupumuzla bir gün sonra səhər tezdən azad edilən kəndlərin sakinlərini axtarmağa başladıq. Onlara nə hiss etdiklərini soruşurdum. Əslində isə bir növ özümün necə hiss etdiyimi onların cavablarında axtarırdım. Hər cavab verəndə diqqət kəsilirdim, ifadə etdikləri sözlər mənə tanışdı, ya yox. Mən necə hiss edirəm? İçimdən cavab gəlmirdi… Jurnalist kimliyimlə qarabağlı kimliyimin arasında qalmışdım…”

Müharibənin yaratdığı böhranlardan əziyyət çəkən bir digər qəhrəman isə “Cəbhədən foto-gündəlik”in müəllifi Əziz Kərimovdur. O, həm məsələyə yanaşmalı olduğu kimlik barədə qərarsız deyil, həm də kimliyində olan dəyişikliklərdən xəbərdardır. Bununla yanaşı, o, bu prosesin qısa müddətdə baş tutmayacağının da fərqindədir.

“Fərq etmir sən burda qalibsən, ya yox. Ona görə düşünürəm ki, müharibənin fəsadları müharibənin özündən daha dəhşətli olacaq. Yəqin ki, ön cəbhədəki son bir aylıq təcrübəmin nə demək olduğunu bir müddət sonra daha yaxşı başa düşəcəyəm”.

Məcburi köçkün və sərhədyanı ərazi sakinləri

Sərhədyanı bölgədən Bakıya köçmüş ailənin müharibə əsnasında yaşayışını, hadisələrin həyatlarında yaratdığı dəyişiklikləri və bəzi məqamlarda ölüm qorxusunu “Boz tərəf” sənədli filmi vasitəsilə izləyirik. “Kənddə vəziyyət nətərdi? Atıb-eləməyiblər?” və “2000 şəhidə dəyirmi rayon, kəndlər?” kimi suallar yeni diskurslar yaradır. Müharibə səbəbilə evlərini tərk etmiş ailənin övladları təhsildən yayınıb, emosional olaraq ağırlıq hiss edir, valideynlərindən ayrı düşüblər. Lakin onlar hələ də kəndlərinə geri qayıtmaq istəyirlər. 

İki müharibədən sonra “yerlilər və gəlmələr”” məqaləsi Birinci Qarabağ müharibəsindən sonra 30 ilə yaxın müddətdə ətraf yaşayış məntəqələrinə sığınan köçkün azərbaycanlıların yaşadıqları kollektiv travmalara işıq salır. Samir Qasımov kimi məcburi köçkünlər müvəqqəti məskunlaşmalarda üzləşdikləri mübarizəni, yoxsulluq və sosial təcrid olunmalarını danışırlar. “Qaçqınlar” ifadəsi ayrı-seçkiliyi daha da qızışdıran etiketə çevrilib, köçkün azərbaycanlılar həmvətənlərinin ayrı-seçkiliyi və alçaldıcı ifadələri ilə üzləşiblər. Köçkünlərə qarşı ayrı-seçkilik xarakterli yazılar zamanla stereotiplərin formalaşdığı mürəkkəb ictimai təkamülü əks etdirir.

Kollektiv travmalar

Qızılbalıq üçün bir neçə arzu və digər ədviyyatlar” sənədli filmi rejissorun müharibə xəbərlərindən uzaqlaşmaq istəyinin məhsulu olsa da, o, xəbərlərlə balıqçılarla söhbəti əsnasında da rastlaşır. Gününü balıqçılıqla keçirən kişilərdən alınan müsahibələrdə kollektiv travma izlərini görmək mümkündür. Onlar gələn zənglə ölüm xəbəri aldıqca qarşı tərəfə nifrət etməyə davam edir, lakin həm də sülh istəyirlər: “Hamı sağ olsun, sülh olsun, nəvələrimiz gözəl günlər görsün”, “arzum odur ki, müharibə bizim qələbəmizlə qurtarsın. Mehribançılıq olsun”, və “Problemləri həll etməliyik ki, nəvələrimiz sakitcə yaşaya bilsin” cümlələri kollektiv travmalardan bezginliyi ifadə edir.

Sakit dinamikaya üstünlük verən “Boz tərəf” sənədli filmi nəsillər arasında fərqlilikləri göstərir. 40-50 yaşlı nəsildə darıxma, nostalgiya, qürur hissi özünü biruzə verərkən, həm də azərbaycanlı – erməni müqayisəsi edilir. Gənc-yaşlı nəsil arasında müharibə mövzusunda mübahisələr də müşahidə edilir.

Azərbaycan-Ermənistan dəmiryolu: ümid və şübhələr” məqaləsində Ermənistan və Azərbaycanda yaşayan iki şəxsin tarixi münaqişə nəticəsində yaşadıqları kollektiv travmalar və 30 ildən sonra iki ölkə arasında dəmir yolu daşımalarının potensial bərpası təsvir edilir. Məqalə erməni və azərbaycanlı qatar maşinistlərinin ortaq Sovet keçmişini, iki ölkə arasında dinc birgəyaşayış və qarşılıqlı iqtisadi asılılıq dövrünü əks etdirir. 1988-ci il hadisələri sonrası zorakılığa keçid dövrünə şahid olmuş insanların fikrinə təsir edən məqamlar da ortaya qoyulur. Hər iki tərəfdə fikirlər dəyişir, stereotiplər yaranır, qarşılıqlı inamsızlıq formalaşır. Hekayə siyasi iradənin kritik rolunu, skeptisizm və nikbinlik arasında incə tarazlığı vurğulayaraq üçüncü tərəfin təhlükəsizlik zəmanətinə ciddi ehtiyac olduğunu da ortaya çıxarır.

Gülay və Aybənizin təsirli hekayələrini araşdıran “Xəyallarda bir anlıq görüş” sənədli filmi  münaqişədən sonra qadınların yaşadıqları kollektiv travmadan bəhs edir. Həyatını itirmiş əsgərlərin həyat yoldaşlarının üzləşdiyi sosial və mədəni təsirlər, yenidən evlənməyə qarşı münasibətləri və çətinlikləri təsvir edilib. Gülayın həyat yoldaşını 2020-ci ildəki hərbi əməliyyatlarda itirməsi və Aybənizin 30 il əvvəl itkin düşmüş həyat yoldaşının hekayəsinə vurğu bu travmanı ətraflı anlamağa imkan yaradır. Sənədli film münaqişənin qadınlara, şəxsiyyətlərinə və təcrübələrini formalaşdıran mürəkkəb sosial dinamikaya davamlı təsirini ortaya qoyur.

Nəticə

Analiz olunmuş 10 multimedia materialında təkrarlanan və nəzərə çarpan mövzular, əlbəttə, müharibə və konfliktlə birbaşa əlaqəlidir. Belə ki, müharibənin sıravi vətəndaşlara vurduğu mənəvi və fiziki zərərlər, yaratdığı kollektiv travmalar yazıların emosional olaraq fokuslandığı tərəflərdir. Bununla yanaşı, materiallar məcburi köçkünlük və sərhədyanı bölgələrdə yaşayan ailələrin qarşılaşdığı problemləri əhatə edir.

“Chai Khana”nın azərbaycanlı auditoriya üçün paylaşdığı media materiallarda müharibə və konfliktin neqativ tərəfləri işıqlandırılır və sülh narrativlərinin yaranması üçün baza yaradılır.

Mənbələr:

  1. Chai Khana, Rəsmi sayt, About, https://web.archive.org/web/20230828195751/https://chaikhana.media/en/about
  2. Chai Khana, Rəsmi sayt, Authors, https://chaikhana.media/en/authors
  3. Chai Khana, Rəsmi sayt, Azərbaycan-Ermənistan dəmiryolu: ümid və şübhələr, https://chaikhana.media/az/stories/1404/azerbaycan-ermenistan-demiryolu-umid-ve-subheler
  4. Chai Khana, Rəsmi sayt, Boz tərəf, https://chaikhana.media/az/stories/1071/boz-teref
  5. Chai Khana, Rəsmi sayt, Cəbhədə bir həftə, https://chaikhana.media/az/stories/1014/cebhede-bir-hefte
  6. Chai Khana, Rəsmi sayt, Cəbhədən foto-gündəlik, https://chaikhana.media/az/stories/1026/cebheden-foto-gundelik
  7. Chai Khana, Rəsmi sayt, https://chaikhana.media/en
  8. Chai Khana, Rəsmi sayt, İki müharibədən sonra “yerlilər və gəlmələr”, https://chaikhana.media/az/stories/1095/iki-muharibeden-sonra-yerliler-ve-gelmeler
  9. Chai Khana, Rəsmi sayt, Müharibə bir həkimin gözü ilə, https://chaikhana.media/az/stories/1018/muharibe-bir-hekimin-gozu-ile
  10. Chai Khana, Rəsmi sayt, Müharibədən sonrakı evsizlik, https://chaikhana.media/az/stories/1015/muharibeden-sonraki-evsizlik
  11. Chai Khana, Rəsmi sayt, Qızılbalıq üçün bir neçə arzu və digər ədviyyatlar, https://chaikhana.media/az/stories/1039/qizilbaliq-ucun-bir-nece-arzu-ve-diger-edviyyatlar
  12. Chai Khana, Rəsmi sayt, Uzaqdakı müharibə, https://chaikhana.media/az/stories/1028/uzaqdaki-muharibe
  13. Chai Khana, Rəsmi sayt, Xəyallarda bir anlıq görüş, https://chaikhana.media/az/stories/1440/xeyallarda-bir-anliq-gorus
  14. Choosing Therapy, Rəsmi sayt, Identity Crisis: Signs, Symptoms, & Treatments, https://www.choosingtherapy.com/identity-crisis/ 
  15. Crisis Group, Rəsmi sayt, The Pressing Task of Advancing Peace Talks in the South Caucasus, https://www.crisisgroup.org/europe-central-asia/caucasus/nagorno-karabakh-conflict/pressing-task-advancing-peace-talks-south-caucasus
  16. Deutsche Welle Akademie, Rəsmi sayt, Media Start-up: Chai Khana in Georgia, https://akademie.dw.com/en/media-start-up-chaikhanain-georgia/a-53517842
  17. Muck Rack, Chai Khana profil, https://muckrack.com/media-outlet/chaikhana
  18. Avropa Komissiyası, Rəsmi sayt, https://ec.europa.eu/commission/presscorner/detail/en/ip_21_2462 
  19. OC Media, Rəsmi sayt, Our values, https://oc-media.org/who-we-are/
  20. UNDP, Rəsmi sayt, Peace & Development in the South Caucasus, https://www.undp.org/georgia/projects/peace-development-south-caucasus

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir