
7 oktyabr tarixində HƏMAS silahlı qruplaşması Qəzza zolağından “Əl-Əqsa Fırtınası” əməliyyatına başlayıb. Buna cavab olaraq İsrail ordusu “Dəmir qılınclar” antiterror əməliyyatına başladığını elan edib. Yaxın Şərqdə fəaliyyət göstərən HƏMAS və Hizbullah kimi hərbi qruplaşmaların İran tərəfindən dəstəkləndiyi məlumdur.
Yaxın Şərqdə baş verən hadisələri Azərbaycan xalqı ilə yanaşı, Azərbaycan dövləti də yaxından izləyir. Azərbaycanın Tehrandakı səfirliyi 27 yanvar tarixli silahlı hücumdan sonra fəaliyyətini bərpa etməsə də, Azərbaycan – İsrail münasibətləri İkinci Qarabağ müharibəsindən sonra intensivləşib. Belə ki, 29 martda Azərbaycanın İsraildə səfirliyi açılıb.
Azərbaycan mediasında HƏMAS – İsrail konflikti müxtəlif perspektivlərdən işıqlandırılıb. Bu yanaşmalardan diqqət cəlb edənlərdən biri İranyönümlü media platformalarının fəaliyyətidir. Belə ki, Azərbaycan əhalisinin böyük hissəsinin İran xalqı ilə eyni dini məhsəbi bölüşməsi İranın ictimai fikirə təsir gücünü artırdığı ehtimal edilir.
Bu yazı oktyabr ayında HƏMAS və İsrail arasında baş vermiş hadisələrin İranyönümlü hesab edilən media tərəfindən işıqlandırma üslubunu araşdıracaq.
Araşdırma İranyönümlü hesab etdiyimiz üç “Telegram” kanalı və dörd xəbər saytının paylaşımlarına əsaslanır. Paylaşımların teleqram postu, xəbər, məqalə, şərh, köşə yazısı olmağı istisna edilmir. Araşdırma üçün ən az min abunə sayı olan teleqram kanalları seçilib. Yalnız 7 oktyabr səhər saatlarından 14 oktyabr axşama qədər paylaşılmış yazılar data kolleksiyasına daxildir.


Araşdırma zamanı “Telegram” kanallarından 136 post, xəbər saytlarından isə 188 xəbər analiz edilib.
Əldə edilən datalar freyminq nəzəriyyəsi əsasında analiz ediləcək.
“Telegram” kanalları
2020-ci ildən bəri fəaliyyət göstərən “Virtual Müqavimət” adlı kanalın İranın dini lideri Xameneinin sitatlarını tez-tez paylaşması diqqət çəkir. Burada İsrail – Fələstin konfliktindən əlavə, Qarabağ mövzusuna tez-tez işarə edildiyi müşahidə edilir. Azərbaycan – İsrail münasibətlərini, Azərbaycan mediasının paylaşımlarını zarafat mövusuna çevirən kanal həm də gün ərzində həlak olmuş yəhudilərlə bağlı paylaşımlar edir.
Əsasən, “repost”lar edən kanal İsrail hökumətini “qəsbkar/işğalçı rejim” adlandırmaq da daxil olmaqla istifadə etdiyi sözlərlə İsrailə və dolayı yolla yəhudi icmasına qarşı nifrət nitqi yayır. Kanal həm də İsraildə yaşayan və konfliktdə həyatını itimiş azərbaycanlıların şəkillərini “İsraildə gəbərən Azərbaycan yəhudiləri” başlığı ilə paylaşıb.

İkinci Qarabağ Müharibəsindən sonra yaradılmış bir digər “Telegram” kanalı – “Sürü Psixologiyası”nın kontent strategiyası aktiv interaksiya və diskussiyanın yaradılmasına, həmçinin sual-cavab tipli paylaşımlarla ictimai fikir üzərində olan təsirin artırılmasına fokuslanıb. Belə ki, kanaldakı paylaşımlar gündəmdəki mövzular barədə araşdırma tərzində yazılır.
7-14 oktyabr tarixləri arasında olan paylaşımların əsas mahiyyəti İsrail dövlətinin mövcudluğuna qarşı paylaşımlar, bütövlükdə Azərbaycan mediasının İsrailin tərəfində olduğu ilə bağlı ittihamlardan ibarətdir.

“Çirkin həqiqətlər” kanalının paylaşımları İsrail və onun xarici siyasətini tənqid edən İranyönümlü baxış bucağına sahibdir. Onlar yəhudilərə qarşı nifrət nitqindən istifadə edərək HƏMAS – İsrail gündəminə uyğun müzakirələrə təşviq edir. Paylaşımlar zamanı etik prinsiplərə riayət edilmir. Hizbullah və digər silahlı terror qruplaşmalarının təbliğatı müşahidə edilir.
Xəbər saytları
“Azəri Islam Times” 2009-cu ildən bəri fəaliyyət göstərən İranyönümlü xəbər saytıdır. Saytın ümumi ritorikasında İran və Azərbaycan arasındakı münasibətlərin inkişafına aid paylaşımlar edilsə də, sayt sözügedən konflikt barədə İsrailə qarşı nifrət nitqi ilə yadda qalır. İsrail, yaxud yəhudi sözü əvəzinə “sionist” sözünün aşağılayıcı tərzdə istifadəsini görmək mümkündür. İsrail “qatil/işğalçı” adlanarkən konflikt dövründə həlak olmuş yəhudilər “məhv edilmiş sionistlər” kimi qeyd edilir. Türkiyənin HƏMAS – İsrail münaqişəsində rolu haqqında paylaşımların da ciddi yer tutduğunu görmək mümkündür.
1992-ci ildə fəaliyyətə başlamış “Azəri Sahar” İranyönümlü xəbər saytları arasında ən çox oxucuya malik olanlardandır. Saytda yayımlanan xəbərlər bir neçə kateqoriyaya bölünsə də, mahiyyətcə eynidir. Belə ki, xəbər başlıqları arasında İsrail dövlətinə “sionistlər” və “terrorçu dövlət” deyə xitab olunması, dövlət rəsmilərinin açıqlamalarının İsrailə qarşı ittiham kimi şərh edilməsi müşahidə edilir. Azərbaycan dövləti “qəsbkar” İsrail rejiminin cinayətlərini pisləməməkdə və fələstinlilərə ədalətli münasibət göstərməməkdə qınanılır, müharibədə həlak olmuş Fələstinlilərin “şəhid” adlandırılması nəzərə çarpır.

“İslam Dünyası Xəbərləri” platforması bir neçə əsas elementlə səciyyələnən konkret paylaşımların yayılmasına yönəlib. Sayt İranın hərbi təbliğatını edir, İran istehsalı silahları nümayiş etdirir. İranı ədalətin və məzlumların müdafiəçisi kimi təsvir edən ritorikadan istifadə edir. Platformanın İsrail – Fələstin münaqişəsi ilə bağlı aşkar mövqeyi var. Xəbər platforması İsrailin ərazi bütövlüyünü tanımır, beynəlxalq səviyyədə tanınmış İsrail ərazilərini “işğal edilmiş ərazilər” kimi qeyd edir. Platforma İsrail vətəndaşlarını sionist olmaqda ittiham etməkdən çəkinmir və intensiv şəkildə İsraili tənqid edən fikirlər paylaşır.
“Qafqaz Times” xəbər saytı ardıcıl olaraq İsraili mənfi bir şəkildə təsvir edir, onu qorxaq və zəif kimi göstərməyə çalışır. İsrail ilə bağlı xəbərləri “Cinayətkar İsrail” adlı kateqoriya altında paylaşır. Bu yanaşma, İsraili cinayət fəaliyyəti ilə məşğul olan bir qurum kimi qeyd edən ritorikadan istifadə edən başlıqların və məzmunun birbaşa yayımlanması ilə özünü göstərir.
Konflikt freymi
Araşdırma nəticəsində İranyönümlü Azərbaycan mediasının İsrail və neytral tərəflərə qarşı konflikt freymindən çıxış etdiyi müşahidə edilib. Belə ki, mətnlərin tərkibində “sionist rejim”, “sionistlər”, “Azərbaycandakı sionist media”, “terrorçu dövlət”, “cinayətkar/qatil İsrail”, “İsrailə dəstək verən azərbaycanlılar” açar sözləri təkrarlanır.
HƏMAS tərəfindən qətl edilən əsgər, yaxud mülki şəxslər üçün “gəbərdi”, “cəhənnəmə vasil oldu”, “gorbagor oldu” kimi ifadələr işlədilsə də, öldürülən fələstinlilər üçün daha qəmgin ton işlədilir: “Hizbullahın nur üzlü şəhidi”.
Analizlər nəticəsində Azərbaycan dilli kütləyə müraciət edən İranyönümlü medianın HƏMAS-ın təmsilində həm də Hizbullah, İslami Cihad Hərəkatı kimi təşkilatları və onların silahlı hücumlarını dəstəklədiyi, İsrailin hərbi əməliyyatlarını qətiyyətlə ayıbladığı ortaya çıxır. Xəbər saytları və Teleqram kanalları ölüm sayları, partlayışlar, hücumlardan tez-tez danışır, ölü və yaralıların şəkillərini açıq şəkildə paylaşmaqdan çəkinmir.
Ekstremist freym
Azərbaycanlılara fokuslanmış İranyönümlü media həm İsrailə dəstək verən vətəndaşları pisləyir, onları bu qərarlarından çəkindirməyə çalışır.
İsraildə yaşayan mülki insanlara, yəhudi icmasına qarşı ciddi təhqir və təhdidlərin paylaşılmasında medium rolu oynayan bu media platformaları stereotiplərin yayılmasında aktiv rol oynayır, aqressiv başlıqlardan istifadə edir.
Nəticə
Yazıda xəbər portallarından əldə edilmiş 324 xəbər əsasında HƏMAS – İsrail konfliktinin 7 – 14 oktyabr tarixlərini əhatə edən ilk həftəsinin İranyönümlü mediada əksi analiz edilib. Araşdırma nəticəsində məlum olub ki, konflikt və ekstremist freymlər İranyönümlü medianın paylaşdığı xəbərlərin əsasını təşkil edir.
Mənbələr:
- Amerikanın Səsi, Rəsmi sayt, Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub – bir nəfər həlak olub, https://www.amerikaninsesi.org/a/6936335.html
- Azəri Islam Times, Rəsmi sayt, https://www.islamtimes.org
- Azəri Sahar, Rəsmi sayt, https://azeri.sahartv.ir/
- Baku Research Institute, Azərbaycanda İslam və Gənclik, https://bakuresearchinstitute.org/islam-and-youth-in-azerbaijan-2/
- Çirkin həqiqətlər, Telegram kanalı, https://t.me/cirkin_heqiqetler
- FRANCE 24 English, Youtube kanalı, Hamas ‘operation al-Aqsa flood’: How did Israeli intelligence services not see this coming?, https://youtu.be/SGvDRwRNRRA
- İslam Dünyası Xəbərləri, Rəsmi sayt, https://az.iswnews.com/
- Qafqazinfo, Rəsmi sayt, Azərbaycanın İsraildə səfirliyi açıldı – Tarixi gün! – Fotolar, https://qafqazinfo.az/news/detail/azerbaycanin-israilde-sefirliyi-acildi-tarixi-gun-395750
- Reuters, Rəsmi sayt, Hamas, Iran leaders agree to ‘continue cooperation’ after attack on Israel, https://www.reuters.com/world/middle-east/hamas-iran-leaders-agree-continue-cooperation-after-attack-israel-2023-10-14/
- Sürü Psixologiyası, Telegram kanalı, https://t.me/suru_psixologiyasi
- The Economic Times, Youtube kanalı, Israeli Defence forces launch operation ‘Iron Swords’ following Hamas attacks: Visuals, https://youtu.be/QNRwYMH7K9c
- Virtual Müqavimət, Telegram kanalı, https://t.me/VMuqavimet
- Vox, Rəsmi sayt, How does Iran fit into the war between Israel and Hamas?, https://www.vox.com/world-politics/2023/10/14/23917078/israel-hamas-war-gaza-iran-hezbollah-khamenei-lebanon
Bir cavab yazın